Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allahdan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (Tövbə surəsi, 118)
İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan qarşısına çıxa biləcək çətin, ya da asan hər hadisəni kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmışdır. Problemləri həll etmənin, ya da zərərin qarşısını almanın bütün yollarının Allaha dayandığını bilmək, bütün işlərdə yalnız Ona sığınmaq qullar üçün böyük güvən qaynağıdır.
Bu sığınma gücü məhdud və sonlu olan insanın sonsuz güc və qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa, ehtiyacını Allahdan istəyir. Allahdan başqa kömək axtaranlarınsa öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi, özündən istənən də eyni mövqedədir, acizdir. Allah, Özündən başqa kömək axtaranların içində olduqları vəziyyəti aşağıdakı ayədə bir nümunəylə belə açıqlayır:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)
İnsanların hamısı çətinliyə düşdükləri zaman Allahdan başqa sığınacaq bir güc olmadığını anlayırlar və Allahın yardımını ümid edirlər. Bu gerçək Quranda belə bildirilmişdir:
De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” (Ənam surəsi, 63)
İnsanın çətin anında yalnız Allahı ağlına gətirməsi, əslində, tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. Elə isə insan gecikmədən ayədə xəbər verildiyi kimi Rəbbimizə sığınmalıdır:
Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)
©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz