Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
XALİQ
Hər şeyin varlığını və varlığı boyunca görüb-keçirəcəyi halları, hadisələri təsbit və təyin edən və ona görə yaradan, yoxdan var edən

 

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Arı pətəyindəki bütün arılar vəzifələrini qüsursuz yerinə yetirirlər. İşçi arılar şanın istehsalında işləyir, şanı havalandıraraq temperaturunu həmişə sabit saxlayır, şana çiçəklərdən yığdıqları qidaları gətirirlər. Kraliça arı isə şanın içində qalaraq nəslin davamını təmin edir. Ağcaqanad yumurtadan çıxdığı an yetkin halına heç bənzəmir. Ağcaqanad sürfəsi inkişafını tamamlayana qədər 4 dəfə dərisini dəyişdirir. Sürfə dövrünün sonuna yaxın dərisi açılır və yetkin ağcaqanad sürfənin içindən suya dəymədən çıxır.

Yuxarıda bəhs etdiyimiz canlılar yer üzündə yaşayan saysız canlıdan sadəcə ikisidir. Digər canlılarda olduğu kimi bu canlıların da doğumlarını, həyatlarını və ölümlərini Allah təyin etmişdir. Bu canlılar yaradıldıqları andan etibarən Allahın təsbit etdiyi, uyğun hesab etdiyi və əmr etdiyi şəkildə həyatlarını davam etdirirlər. Əsla Allahın özləri üçün təqdir etdiyi vəzifənin xaricinə çıxmırlar. Səhralarda +50 dərəcədə yaşayan kərtənkələlər də, qütblərdə -50 dərəcədə yaşayan pinqvinlər də, dənizin minlərlə metr altında yaşayan süngərlər də eyni vəziyyətdədir. Hamısı həyatlarını Allahın təsbit etdiyi şəkildə yaşayırlar. Onlardan əvvəlki nəsillər də eyni şəkildə yaşamışdır, sonrakı nəsillər də eyni şəkildə yaşayacaqlar. Çünki Allah canlıların hamısı üçün bir həyat forması seçmişdir.

Nəticə olaraq kainatdakı heç bir canlının öz həyat tərzini təyin etmə haqqı yoxdur. Bütün canlıları Allah yaratmış və bu şəkildə həyatlarını təqdir etmişdir. Onlar da qeydsiz-şərtsiz bu hökmə boyun əymişlər.

İnsan da kainatın kiçik bir hissəsidir. Allah insanı bir damla sudan yaratmış və həyat tərzini təqdir etmişdir. Heç bir insan öz qərarıyla həyatda yaşayacağı müddəti təyin edə bilməz, yaşlanmağı və ölümü gecikdirə bilməz, acizliklərindən xilas ola bilməz. Bütün bunları təyin edən, dilədiyi şəkildə yaradan Allahdır. Allahın gücünün bənzərsizliyi və hər şeyi hakimiyyəti altında saxladığı ayələrdə belə xəbər verilir:

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, Qalib gələndir”. (Rəd surəsi, 16)

Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. (Dəriləri) deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız”. (Fussilət surəsi, 21)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz