Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
VAHİD
Tək olan, şəxsində, sifətlərində, işlərində, adlarında, hökmlərində, əsla ortağı və ya bənzəri, tayı olmayan

 

Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur; O, Rəhmandır, Rəhmdir. (Bəqərə surəsi, 163)

Allahın böyüklüyünü qavramayan insanlar Allaha bərabər güclər tapmağa çalışmış və bunun nəticəsində gözlərində böyütdükləri şeylərə ibadət etmişlər. Bəzisi çox parlaq və güclü gördüyü üçün Günəşi daha üstün tutmuş və ona ibadət etmiş, bəzisi də ulduzların qarşısında əyilmişdir. Hətta bəziləri bütün acizliklərinə baxmayaraq, özlərinin də güc sahibi olduqlarını iddia etməyə cəsarət etmişlər. Quranda hz. İbrahimlə Allahın gücü və birliyi mövzusunda mübahisə edən adam bu mövzuya veriləcək ən əsas nümunədir. Hz. İbrahim isə Allaha kimsənin ortaq ola bilməyəcəyini belə bir örnəklə isbat etmişdir:

Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin (əhvalatını) bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə: “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (Bəqərə surəsi, 258)

Allahdan başqa ilahlar tapmaq yalnız keçmişdə yaşayan insanlara məxsus olan ağılsızlıq deyil. Bu dövrdə də bir çox insan Allaha ortaq qoşaraq, Onun yoldaşının və bənzərinin ola bilməyəcəyini inkar edir. Bu şəxslər bəlkə ətrafda Günəş, ulduzlar və s. kimi bütlər seçməmiş, amma onlar da özləri kimi aciz olan digər insanlara və ya dəyər verdikləri əmtəələrə (zənginlik, gözəllik, güc və s.) sitayiş edirlər. Məsələn, bütün həyatlarını zənginlik, mal-mülk əldə etmək üçün keçirir və bu zaman Allahın özlərindən razı olub-olmadığını heç düşünmürlər. Allahı insanlarla, digər varlıqlarla bərabər tuturlar ki, bu da açıq-aşkar şirkdir.

Allah yaradandır. Heç kim Günəşi qərbdən gətirə bilməz, heç kim kosmosda fövqəladə bir sürətlə genişləyən kainatı dayandıra bilməz, heç kim göyü və yeri tuta bilməz və heç kim yoxdan bir insan yarada bilməz. Bunları ancaq kainatda tək olan və tayı-bənzəri olmayan Allah edə bilər. Yaradanla yaradılan isə əsla bənzər deyil. Quranda şirk qoşanların acizliyindən belə bəhs edilir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73),

…Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, Qalib gələndir”. (Rəd surəsi, 16)

... Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi kəlməsi və Onun tərəfindən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “(İlah) üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 171)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz