Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
RƏHMAN/RƏHİM
Mərhəmətli, verdiyi nemətləri yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər verməklə mükafatlandıran, əzəldə bütün yaradılmışlar haqqında xeyir və rəhmət buyuran, sevdiyini-sevmədiyini ayırd etməyərək saysız nemətlərə qovuşduran

 

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. (Həşr surəsi, 22)

Rəhman olan Allah sonsuz mərhəmətini və lütfünü görünən-görünməyən hər şeydə təcəlli etdirir. İnsan bu görünən və görünməyən nemətlərin vasitəsi ilə həyatını davam etdirir.

Allah hər gün torpağın içindən milyonlarla toxumu cücərdən, bu bərəkətli torpaqla yerin altındakı 4.500 dərəcə istilikdəki nəhəng kütləni saxlayan, göydən tonlarla saf su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, nəfəs aldığımız oksigeni yaradan və həyat verən saysız nemətləri ilə yaratdıqlarını əhatə edəndir.

Allah 100 trilyon hüceyrədən ibarət olan insanın hər bir hüceyrəsini yaradan, bunların hamısına ayrı-ayrılıqda vəzifəsini öyrədən, içlərinə hər biri 1 milyon səhifəlik məlumatı ehtiva edən DNT-ləri yerləşdirən, bütün bunlarla insana can verən və varlığını hər an davam etdirəndir. Bütün insanlar ana rəhminə düşdüyü andan torpağa geri döndüyü ana qədər, yalnız Allahın yaratdığı nemətləri tanıyır, bilir və onlarla yaşayırlar. İnsanlardan bu nemətləri görən və yaradılış məqsədini qavrayaraq Ona qulluq edənlər olduğu kimi, nankorluq edərək Allaha qulluq etməkdən üz çevirənlər də var. Buna baxmayaraq, Allah insanların üzərində Rəhman adını ən gözəl şəkildə təcəlli etdirir. İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında nəfəs aldıqları hava, içdikləri su daxil olmaqla gizli-açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi onlara da mal-mülk, yaşayacaqları gözəl evlər və nəsillərini davam etdirəcəkləri övladlar verir. Onları da gözəl ruzilərlə bəsləyir. Onlara da sağlamlıq, güc və gözəllik verir. Çünki Allah Rəhmandır.

Allah dünya həyatında inkar edənləri bəlkə dinə dönərlər, düşünüb dərk edərlər və Özünə şükr edərlər deyə faydalandırır. Lakin üz çevirənlər Allahın nemətlərindən ancaq göz açıb-bağlayacaq vaxtı qədər olan dünya həyatları müddətincə faydalana bilərlər. Axirətdə isə bütün nemətlər sahib olduqlarını yalnız Allaha yaxınlaşmaq, Onun razılığını axtarmaq üçün istifadə edən və Rəbbimizə hər an şükr edən möminlərə aiddir. Çünki Allah Rəhimdir və cənnəti yalnız mömin qullarına müjdələmişdir. Ayələrdə belə buyrulur:

(Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)

Mərhəmətli və Rəhmli Allahın adı ilə! (Fatihə surəsi, 1)

De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut. (İsra surəsi, 110)

O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. (Taha surəsi, 108)

(Peyğəmbər) dedi: “Ey Rəbbim! Ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)

Ruh və mələklər səf-səf duracağı gün, Mərhəmətli (Allahın) izin verdiyi kimsələrdən və doğru deyənlərdən başqa heç kəs danışmayacaq. (Nəbə surəsi, 38)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz