Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
RAFİ
Yüksəldən

 

Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq. (Məryəm surəsi, 56-57)

Cahiliyyə cəmiyyətində yaşayan insanlar Allahın əmr və qadağalarından uzaq, özlərinə verilən saysız neməti təqdir etmədən yaşayırlar. Düşünmədikləri, təqdir edə bilmədikləri üçün də cəhalət içindədirlər.

Allah tarix boyu bütün cəmiyyətlərə Öz əmrlərini, qadağalarını və tövsiyələrini çatdıran elçilər göndərmişdir. Bu yolla dindən uzaq yaşayan cəmiyyətləri içində olduqları cəhalətdən xilas olmağa dəvət etmiş, onlara doğru yola çatmaq üçün imkan vermişdir.

Allahın göndərdiyi elçilər eyni qövmün içindən çıxan, lakin üstün əxlaq, ağıl və yüksək vicdanlarıyla cəmiyyət içində diqqət çəkən insanlardır. Elçilər Allahın Quranda bildirdiyi kimi yaşadıqları qövmə xüsusi olaraq göndərdiyi və seçdiyi insanlardır. Elçilər yaşadıqları cəmiyyətin insanlarından fərqlidirlər. Allahın varlığını və axirətin yaxınlığını dərk etmişlər. Əlbəttə, bu xüsusiyyətlər elçilərin üstün insanlar olduqlarının açıq-aşkar dəlillərindəndir.

Allahın varlığının və böyüklüyünün şüurunda olan elçilər özlərinə peyğəmbərlik mövqeyinin verilməsindən sonra yaşadıqları cəmiyyətləri Quran əxlaqını yaşamağa dəvət etmiş, onları axirət əzabına qarşı xəbərdar edib qorxutmuşlar. Yaşadıqları çətin şərtlər, göndərildikləri inkarçı və azğın qövmlər, özlərinə davamlı çətinlik yaradan, hətta bəzən canlarına qəsd edən cəmiyyətlər onları yollarından döndərməmiş, əksinə imanlarını artırmışdır. Bəzən “iman etdik, təslim olduq” dedikdən sonra çətin vəziyyətdə elçini tək qoyan və “geri dönən” toplumlarla da qarşılaşmış, ancaq bu çətinliklər elçiləri əsla qorxutmamışdır. Onlar Allahın seçdiyi “üstün bir mövqeyə” layiq görülmüş qullardır və ən nəzərə çarpan xüsusiyyətləri isə Allaha olan səmimi təslimiyyətləri və təvəkkülləridir.

Bu səmimiyyətlərinin qarşılığını da dünyada və axirətdə seçilərək almışlar. Ayələrdə Allah belə xəbər verir:

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə'i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. (Ənam surəsi, 83-86)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz