Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
NUR
Aləmləri nurlandıran, istədiyi simalara, zehinlərə və könüllərə nur yağdıran

 

Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O təkcə şərqə və ya təkcə qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. (Nur surəsi, 35-36)

Allah “Nur” sifətinin sahibidir və yuxarıdakı ayədə də bildirildiyi kimi, göylərin və yerin nuru Odur. Ancaq Allah bu sifətini insanlar üzərində də təcəlli etdirir. Allaha iman edən, Onun böyüklüyünü tanıyıb təqdir edən, haqq din olan İslama yönələn və İslam əxlaqıyla yaşayan qullarına da Özündən “nur” bəxş edir:

Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

İnkarçıların vəziyyəti isə buna tam ziddir. Onlar üçün yer üzündə heç bir “nur” qaynağı yoxdur. Qaranlıqdan çıxmaq üçün bir yol tapmaları da mümkün deyil. Allah inkarçıların yaşadıqları qaranlığı belə təsvir edir:

Yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz. (Nur surəsi, 40)

Allah kafirləri qaranlıqların içində buraxdığı kimi mömin qullarını da bütün işlərində qaranlıqdan işığa çıxarır. Bu iki qrupun vəziyyətlərinin bir-birindən çox fərqli olduğuna və möminlərin tam üstün olduqlarına dair Quranda belə bir nümunə verilmişdir:

Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ən'am surəsi, 122)

Möminləri doğru yola – “Öz nuruna” - yönəltmək üçün Allah müxtəlif xəbərdarlıqlar edir. Həm elçiləri, həm də elçiləriylə göndərdiyi haqq kitabları “nur” qaynağı edir. Onların gətirdiyi hökmlərə tabe olanlar isə doğru yola çatmış və Allah qatından “nur” qazanmışlar. Bu gerçək ayələrdə belə xəbər verilir:

Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik). (Əhzab surəsi, 45-46)

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir. (Hədid surəsi, 9)

Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Allahın saleh qulları sonsuza qədər xoşbəxt yaşayacaq, nurları ilə tanınacaqlar. İnkar edənlər isə axirətdə də sonsuz qaranlıqda qalacaq və möminlərin sahib olduğu nurdan istəyəcəklər. Axirətdə möminlərlə inkarçıların arasındakı bu ziddiyyətlər ayələrdə belə bildirilmişdir:

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız! Bu, böyük uğurdur. O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “(Bir az) gözləyin ki, biz də sizin işığınızdan alaq”– deyəcəklər. (Onlara) deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Hədid surəsi, 12-13)

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı Rəhmlidir. (Əhzab surəsi, 43)

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. (Zumər surəsi, 69)

Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir. (Hədid surəsi, 19)

Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir. (Hədid surəsi, 28)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz