Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
MÜYƏSSİR
Xeyirdə və şərdə qulunun yolunu asanlaşdıran, dində asanlıq verən, heç kimə gücünün çatmayacağı yükü yükləməyən

 

... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

Allah insanları daim asan olana yönəldir. Qulları üçün seçib-bəyəndiyi İslam dininin təməlində də həmişə bu asanlıq var. Quranda dinin asanlığı belə bildirilir:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı... (Həcc surəsi, 78)

Quran nəsihət almaq istəyənlər üçün asanlaşdırılıb. İçindəki hökmlər insan həyatında həmişə asanlıq yaradacaq şəkildədir. Məsələn, Allah kor, topal, ya da xəstə olana məsuliyyət yükləməmiş, xüsusilə müharibənin qızışdığı anlarda, səfərdə, aclıqda, çətin şərtlərdə qullarına asanlıq yaradacaq yollar göstərmiş, insanları günahları hər nə olursa-olsun etdikləri səmimi tövbə ilə bağışlayacağını söyləmişdir. Ayədə belə buyrulur:

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı? (Qəmər surəsi, 17)

Bundan başqa möminlərin hər cür müvəffəqiyyət qazanmasının asanlığına da "Səni ən asan olana müvəffəq edərik." (Əla surəsi, 8) ayəsiylə diqqət çəkmişdir.

İnsanın hiss etdiyi, ya da gözüylə gördüyü bütün asanlıqlar Allahdandır. Bütün bu asanlıqlar Allahın şanındandır. O mərhəmətlilərin ən mərhəmətlisidir. Və qulları üzərinə ağır yük yükləməyəndir.

Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 28)

Allah insanı yaratdığı kimi onun nələrə güc yetirib, nələrə güc yetirə bilməyəcəyini də bilir. Buna görə qullarının heç bir işində çətinliyə razı olmaz. Allah Quranda "... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir..." (Bəqərə surəsi, 185) ayəsiylə bu gerçəyi xəbər verir.

Əksinə, Allah qullarının üzərindəki yükü qaldırır. Onlara ən çətin şərtlərdə belə mütləq bir asanlıq verir. Hər çətinlikdən çıxış yolu göstərir. Bu nemətini qullarına Quranda belə xatırladır:

Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi çalış! Rəbbinə üz tut! (İnşirah surəsi, 1-6)

Allah mömin qullarına razılığına və rəhmətinə çatmağın yollarını asanlaşdırarkən, inkarçılar üçün də əxlaqlarına uyğun layiq olduqları şəkildə əzabın asanlaşdırılacağını xəbər verir:

Kim də xəsislik edərək ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Leyl surəsi, 8-10)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz