Bu sayt Adnan Oktarın "Allahın İsimləri" adlı əsərindən yararlanaraq hazırlanmışdır.
ALLAHIN İSİMLƏRİ
Allah sevgisi -2-

 

Allah peşman olan hər kəsin tövbəsini qəbul edər, onları bağışlayar. Allah sonsuz əfvedicidir. Quranın bir ayəsində Rəbbimiz bu həqiqəti bizə "Əgər Allah, insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər" (Nəhl surəsi, 61) sözləri ilə bildirir.

Allah həm sizə, həm də bütün insanlara bir müddət vermişdir. Əsl iman edənlər üçün bu çox xeyirli müddətdir. Allahdan qorxub-çəkinən hər insan günah etdikdə Allaha tövbə edib, Ondan bağışlamasını diləyə bilər, günahlarının bağışlanmasına ümid edə bilər. İnsan tövbəsində səmimi olduğu zaman Allah hər günahı bağışlayar. Allahın sonsuz bağışması Quranda belə bildirilmişdir:

"Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı halınız necə olardı! (Nur surəsi, 10)

Allah sonsuz əfvedici olduğundan insan üçün hər zaman qurtuluş ümidi vardır. Tövbələri qəbul edən, fəzl və rəhmət sahibi olan Rəbbimiz insanlara olan mərhəmətindən ötrü onlara həyatları boyu qurtuluş imkanı vermiş, tövbələrini qəbul edəcəyini bildirmişdir. Allahın bütün nemətlərinə və rəhmətinə baxmayaraq, Allahı unudanlar, Ona möhtac olduqlarının fərqinə varmadan yaşayanlar həqiqətən qəflətdədirlər. Dünya həyatında Rəbbimizin rəhmətini, sevgisini və nemətlərini təqdir edə bilməmələri bu insanların axirətdə cəhənnəm əzabı ilə qarşılıq görmələrinə səbəb olacaq.

“Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir. (Ali-İmran surəsi, 13)

Allah, Onun yolunda olanların qoruyucusu və köməkçisidir

Allaha qəlbən bağlanan, Onun yolunda olan hər insan Rəbbimizin onu qoruduğunun, hər an insanın yanında olduğunun şahidi olar. Allah səmimi şəkildə haramdan çəkinən və halala uyğun olan hər işdə möminlərin yolunu açar, onlara asanlıq verər. Allah Quranın bir çox ayəsində möminlərə mütləq kömək edəcəyini, onları qoruyacağını və daim üstün mövqeyə gətirəcəyini vəd etmişdir. Allah bu ayələrdən birində belə buyurur:

“Möminlərə kömək etmək Bizə vacibdir!” (Rum surəsi, 47)

Allahın hər an köməyi ilə dəstəklədiyi möminlərə dair ən gözəl nümunələrdən biri hz. Musanın həyatıdır. Hz. Musa yaşadığı şəhərdən qaçandan sonra Allaha "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!" (Qəsəs surəsi, 24) deyərək dua etmişdir. Allah onun duasını qəbul etmişdir. Hz. Musa etibarlı insanların yanında qalmış və iş tapmışdır.

Allah hz. Musaya peyğəmbərlik verdikdən sonra hz. Musanın istəyi ilə onu qardaşı hz. Harunla dəstəkləyərək gücləndirmişdir. Firon və ordusunun hz. Musa və hz. Harunun arxasınca düşdükləri zaman Allah yenə də onlara kömək etmişdir. Allah dənizi yararaq hz. Musa və yanındakıları xilas etmiş, Firon və ordusunu isə suda boğmuşdur. Allah hz. Musa və hz. Haruna etdiyi köməyini Saffat surəsində belə bildirir:

“Biz Musa və Haruna da nemət bıxş etdik. Onların hər ikisini böyük fəlakətdən qurtardıq. Onlara yardım etdik və onlar qalib gəldilər”. (Saffat surəsi, 114-116)

Allah hz. Nuha da kömək etmiş, qövmünə gələcək tufandan onu və digər inananları qorumaq üçün gəmi düzəltməsini vəhy etmişdir. Allah hz. İsanı çarmıxa çəkərək öldürülmək istəyənlərdən xilas etmiş, onu Öz Qatına yüksəldərək qorumuşdur. Allah hz. Yusifi zindandan qurtarmış, ona mövqe nəsib etmişdir. Rəbbimiz Peyğəmbərimiz hz. Məhəmmədə (s.ə.v.) də daim kömək etmiş, onun üzərindəki yükünü yüngülləşdirmişdir. Allah Quran ayələri ilə Peyğəmbərimizin (s.ə.v.) vəlisi, qoruyucusu və köməkçisi olduğunu müjdələyərək möminlərin ürəklərinə rahatlıq hissini vermişdir.

Allahın iman edənlərə olan köməyini müjdələdiyi ayələrdən bəziləri belədir:

“De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?!” Onlar, özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilməzlər”. (Əhzab surəsi, 17)

“And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər”. Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!” (Saffat surəsi, 171-173)

“Ey iman gətirənlər, Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”. (Muhəmməd surəsi, 7)

İnsan hər an Allaha möhtacdır. Heç bir insanın Allahdan başqa köməkçisi yoxdur. Hər hansı bir çətinliklə qarşılaşdıqda ona kömək edən də yalnız Allahdır. Allah insanlara rəhmət olaraq dünya həyatında qarşılaşacaqları çətinlikləri dəf etmək üçün bir çox nemət yaratmışdır. İnsanın bu nemətlərdən faydalanarkən, bunları müstəqil güc sahibi hesab etməsi böyük səhv olar. Çünki, əslində, bütün bunları yaradan Allahdır və hər biri ancaq Allahın diləməsi ilə insanlar üçün bir nemətə və rəhmətə çevrilir. Məsələn, xəstəliyi üçün həkimə müraciət edən bir insana, əslində, yalnız Allah kömək edir. Həkim isə ancaq Allahın diləməsi ilə insana şəfa verə bilər. Eyni şəkildə özünə vəkil tutan kimsənin də əsl vəkili ancaq Allahdır. Vəkil ancaq Allahın diləməsi ilə insanın haqqını qoruya bilər, ya da onun üçün ədaləti bərpa edə bilər. Əslində isə hadisələri ən gözəl şəkildə nəticələndirən və insana nemətini çatdıran yalnız Allahdır.

Hər işində daim Allaha yönələn, yalnız Rəbbimizi vəkil edən insanın yeganə dostu və köməkçisi Allahdır. Allah möminlərə dilədiyi yollardan köməyini çatdırar. Bunun fərqində olan insan heç vaxt insanlardan və ya başqa güclərdən mədət ummaz. Bütün köməyin Allahdan gəldiyini bilər, hər şeyi Allahdan istəyər. Bir müvəffəqiyyət qazandığında, alib gəldiyində, faydalı işlə qarşılaşdığında dərhal Allaha yönəlib şükr edər, köməyinə görə Allaha minnətdar olar. Həyatı boyu Allahın köməyini və dəstəyini gördüyü və bütün hadisələri yaradanın Allah olduğunu bildiyi üçün Rəbbimizə minnətdarlıq duyar və Ona qəlbən və coşğulu bir sevgi ilə bağlanar. Allah insanların əsl dostunun və köməkçisinin ancaq Özü olduğunu Quranda belə xatırladır:

“Biz hər hansı bir ayəni ləğv edər və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?! Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!” (Bəqərə surəsi, 106-107)

Allah duaları qəbul edəndir

İnsanın özünə aid müstəqil bir gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhm edib, lütfünü və nemətini bağışlamasına, qorumasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz insanlara bütün dualarını və hər çağırışlarını qəbul edəcəyini bildirərək onları köməyi ilə müjdələmişdir:

“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. (Bəqərə surəsi, 186)

“Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Mumin surəsi, 60)

Dünyadakı hər şeyin yeganə hakimi və hər insanın, hər varlığın, maddi-mənəvi hər şeyin tək sahibi olan Allahın insanın hər istəyini eşitməsi, ağlından keçən hər şeyi bilməsi və dualarını qəbul etməsi insan üçün çox böyük bir nemət və rəhmətdir.

İnsan Allahın razılığına, halal və haram sərhədinə riayət edərək heç bir məhdudlaşdırma olmadan Rəbbimizdən hər şey istəyə bilər. Allah Quranda bir çox peyğəmbərin duasına yer vermiş və Özünün bu duaları necə qəbul etdiyini bildirmişdir:

“Əyyubu da yada sal! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilər rəhmlisisən!” Biz duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik”. (Ənbiya surəsi, 83-84)

“Zun-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o, qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam” – deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (Ənbiya surəsi, 87-88)

“Zəkəriyyanı da yada sal! Bir vaxt o: “Ey Rəbbim! Məni tək buraxma. Cən varislərin ən yaxşısısan! ” – deyə yalvarıb Rəbbinə dua etmişdi. Biz duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər”. (Ənbiya surəsi, 89-90)

“Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik”. (Saffat surəsi, 75-77)

Allah Nəml surəsində yalnız peyğəmbərlərin deyil, çətinlik və ehtiyac içində olan hər kəsin duasını qəbul edəcəyini bildirir:

“Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!” (Nəml surəsi, 62)

“Rəbbinizə yalvara yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz! Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (Əraf surəsi , 55-56 )

Bir insanın Allahdan dilədiyi bir şeyin reallaşdığını görməsi, onun üçün böyük sevinc qaynağıdır. Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşüncəsindən xəbərdar olduğunu bilmək, səmimi olduğu zaman Allahın hər işində ona kömək edəcəyini, hər istəyini qəbul edəcəyinə ümid etmək bir möminin Allaha olan sevgisini, təslimiyyətini və bağlılığını artırar.

Allah sonsuz ədalət sahibidir

İnsan həyatı boyu bir çox ədalətsizliyə şahid ola bilər. Kimi ticarətində, kimi şahidliyində, kimi də bir mövzu haqqında qərar verərkən ədalətli davranmaz, öz mənfəətlərini qoruyar və ya ədalətli davranmağı düşünməz. Ədalət bir insanın üstün əxlaq sahibi, dürüst və səmimi olduğunun ən əhəmiyyətli göstəricilərindən biridir. Cəmiyyətdə mənfəətlərinin zədələnilməsini də nəzərə alaraq ədalətli davranan insanlara qarşı sevgi və hörmət bəslənər. Cəmiyyətdə də bu insanlar fərqli düşüncəli olsalar da, hörmət görərlər, hətta qəhrəman elan edilərlər.

Allah isə sonsuz ədalət sahibidir. Allah hər hökmünü ədalətlə verər. Bütün insanlar tarix boyu Allah Qatında layiq olduqları qarşılığı almışlar və bundan sonra da əskiksiz şəkildə alacaqlar.

Hər insan Allah Qatında etdiklərinin tam qarşılığını görür. Allah ədalətinin axirət günündə necə qüsursuzca təcəlli edəcəyini ayələrində belə bildirir:

“Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar. Onlara tük qədər haqsızlıq edilməz”. (İsra surəsi, 71)

De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allahdır”. (Səba surəsi, 26)

Allahın ədalətindən əmin olmaq isə insanın Allaha sərhədsiz sevgi və etibarla təslim olmasına vəsilə olar. Belə bir insan hansı hadisə ilə qarşılaşırsa-qarşılaşsın, Allahın ədalətinin daim təcəlli etdiyindən əmin olar, Rəbbimizin onun üçün yaratdığı hər hadisəni sevinclə qarşılayar.

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl, o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid surəsi, 22)

“Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, Yerə girəni də, göydən enəni də, qalxanı da bilər. Siz harada olsanız, O sizinlədir. Allah, sizin nə etdiklərinizi görəndir! (Hədid surəsi, 4)

 

Geri

©2012 www.allahinadlari.com
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz